Cənubi Osetiya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Cənubi Osetiya
oset. Республикæ Хуссар Ирыстон/Паддзахад Аллонстон
gürc. სამხრეთ ოსეთის რესპუბლიკა
rus. Республика Южная Осетия/Государство Алания
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
Tarixi
 • Rusiya tərəfindən tanınması. 26 avqust 2008
Rəsmi dilləri
Paytaxt Sxinvali
İdarəetmə forması prezidentli rejim
Prezident Anatoliy Bibilov
Baş nazir Erik Puxayev
Sahəsi
 • Ümumi 3,900 km² km²
 • Su sahəsi (%) 0 %
Əhalisi
 • Əhali 53,000 nəfər
 • Sıxlıq 18 nəf./km²
Valyuta Rusiya rublu
Telefon kodu +7 9971[2], +7 9976[3], +7 99744[3], +7 995344[3]
Saat qurşaqları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cənubi Osetiya (oset. Хуссар Ирыстон; rus. Южная Осетия) və ya rəsmi adı ilə Cənubi Osetiya Respublikası – Alaniya Dövləti (oset. Республикӕ Хуссар Ирыстон – Паддзахад Аллонстон; gürc. ცხინვალის რეგიონი; rus. Республика Южная Осетия – Государство Алания) – Cənubi Qafqazda Gürcüstan daxilində birtərəfli şəkildə müstəqilliyini elan edən de-fakto dövlət. Cənubi Osetiya BMT, Avropa İttifaqıABŞ tərəfindən, eyni zamanda beynəlxalq razılaşmalara əsasən Gürcüstan ərazisi kimi tanınan mübahisəli bölgədir. 26 avqust 2008-ci ildə Rusiya Federasiyası, 5 sentyabr 2008-ci ildə Nikaraqua, 10 sentyabr 2009-cu ildə Venesuela,[4] 16 dekabr 2009-cu ildə Nauru, 29 may 2018-ci ildə isə Suriya Cənubi Osetiyanın müstəqilliyini tanımışdır. Digər dövlətlər bu bölgəni Gürcüstanın əyaləti kimi tanıyır. Paytaxtı və ən böyük şəhəri Sxinvali, ümumi sahəsi 3,900 kvadrat kilometrdir.

Cənubi Osetiya müstəqilliyini 1990-cı ildən elan edib. Gürcüstan hökuməti isə osetinlərin müstəqillik istəyinə onların muxtiyyət hüqunu ləğv etməklə və osetinlərin yaşadıqları əraziyə ordu yeritməklə cavab verib. Bu Cənubi Osetiya müharibəsinə səbəb oldu. Müharibə nəticəsində Cənubi Osetiya de-fakto müstəqillik əldə etsə də, onun müstəqilliyi heç bir dövlət tərəfindən tanınmırdı. Gürcüstanın ikinci dəfə Cənubi Osetiyaya təcavüzü yenidən Cənubi Osetiya müharibəsinə səbəb oldu. Rusiyanın da osetinlərin tərəfində çıxış etdiyi müharibə Gürcüstanın tamamilə darmadağın olması ilə nəticələndi. Bu müharibədən sonra bir neçə ölkə Cənubi Osetiyanın müstəqilliyini de-yuro tanıdı.

Gürcüstan xəritəsi (Cənubi Osetiya çəhrayı, Abxaziya yaşıl rənglə göstərilib)

Osetinlərin əslən alanlardan törədiyi güman edilir. Onlar orta əsrlərdə Bizansın təzyiqi altında xristianlaşdırılıb. Monqolların işğalları dönəmində osetinlər tarixi olaraq yaşadıqları Don çayı hövzəsindən qovularaq Şimali Qafqazda məskunlaşdılar. Buradakı osetinlərin bir hissəsi (Diqor ərazisində) Kabardinlərin təsiri ilə İslam dinini qəbul etdilər. Cənubda yerləşən Kudar regionu isə bu gün Cənubi Osetiya adlanır. Şimalda yerləşən İron regionu isə hal-hazırda Şimali Osetiya ərazisidir. Şimali Osetiya 1767-ci ildə Rusiyanın tərkibinə qatılmışdır. Gürcüstanın nəzarətində olan Cənubi Osetiya isə 1801-ci ildə, Gürcüstanın Rusiyanın tərkibinə qatıldığı ildə Rusiyaya birləşdirilib. Gürcüstan 1918-ci ildə müstəqilliyini əldə etdikdən sonra Cənubi Osetiya da Gürcüstanın tərkibində qaldı, Şimali Osetiya isə həmin vaxt Terek Sovet Respublikasının tərkibində oldu. Gürcü menşevik hökuməti osetinləri bolşeviklərlə əlaqədə olmaqda ittiham edərək onları təqib edirdilər. 1918-1920 illərdə osetinlər bir neçə dəfə Gürcüstandan ayrılmaq üçün üsyana qalxdılar. Sonuncu və ən güclü üsyan 1920-ci ildə baş verdi, həmin vaxt Gürcüstan osetinlərə qarşı Sxinvaliyə böyük bir nizami ordu göndərdi. Gürcülər qəddarlıqla üsyanı yatırdılar, osetin mənbələrinin məlumatına görə bu zaman 5.000 osetin gürcülər tərəfindən öldürülmüş, əlavə 13.000 osetin isə aclıq və xəstəlikdən dünyasını dəyişmişdir.[5] 1921-ildə Qırmızı Ordu Gürcüstanı işğal etdi. Bundan sonra yaranan Gürcüstan SSRin tərkibində 1922-ci ildə Cənubi Osetiya Muxtar Vilayəti yaradıldı. Bununla da gürcülərlə osetinlər arasındakı konfliktə son qoyuldu. Belə vəziyyət 80-ci illərin sonuna qədər davam etdi. Sovet hakimiyyəti dövründə gürcülərlə osetinlər bir-birilə qarşılıqlı anlaşma və sülh şəraitində yaşamış, çoxlu sayda qarışıq nikahlar meydana gəlmişdir. Osetinlər öz yaşadıqları ərazidə öz dillərində danışır, osetin dilində təhsil alırdılar.

Lakin Sovet hakimiyyətinin sonunda, 80-ci illərin sonundan etibarən iki xalq arasındakı düşmənçilik yenidən qabarmağa başladı. Gürcülər osetinləri yaşadığı ərazilərdən zorla qovmağa başladılar. Buna cavab olaraq osetinlər 1988-ci ildə Cənubi Osetiya Xalq Cəbhəsini yaratdılar. 1989-cu ildə Gürcüstan Ali Soveti bütün Gürcüstan ərasində gürcü dilinin yeganə rəsmi dil olduğunu elan etdi, 1990-cı ildə isə bütün regional təşkilatları qanunsuz elan etdi. Bu osetinlərin böyük narazılığına səbəb oldu, bunun ardından 1990-cı ilin 20 Sentyabrında Cənubi Osetiya Demokratik Respublikası SSRİ daxilində müstəqil elan olundu.[6] Dekabr ayında Cənubi Osetiyada parlament seçkiləri keçirildi. Lakin Gürcüstanın millətçi prezidenti Zviad Qamsaxurdiya (qeyd edək ki, onun özü milliyətcə gürcü yox meqrel olsa da özü qatı gürcü millətçisi idi) bu seçkiləri qanunsuz elan edərək Sxinvaliyə qoşun göndərilməsini əmr etdi. 1991-ci il Yanvarın 5-də gürcü ordusunun Sxinvaliyə daxil olması ilə Cənubi Osetiya müharibəsi başladı. Gürcülər Cənubi Osetiyada böyük dağıntılar və qırğınlar törətsə də, Rusiya qoşunlarının və osetin könüllülərinin köməyi ilə Cənubi Osetiya gürcülərdən azad edildi. Müharibənin davam etdiyi bir vaxtda Cənubi Osetiyanın qərbində 200 nəfərin ölümünə səbəb olan güclü zəlzələ baş verdi. Nəhayət 1992-ci ildə Gürcüstan atəşkəsə razılıq verdi. Buna Gürcüstanın hərbi olaraq müharibəni uduzması yox, Gürcüstanın öz daxilindəki hərc-mərclik və Rusiyanın təzyiqi səbəb olmuşdur. Müharibə nəticəsində təxminən 1.000 nəfər həyatını itirdi, 100.000 nəfər osetin isə gürcülərin nəzarətindəki əraziləri tərk edərək Şimali Osetiyaya məskunlaşdılar. Osetin qaçqınlar həmin ərazilərdə əsasən Stalinin deportasiyaları zamanı öz torpaqlarından qovulmuş inquşların torpaqlarında məskunlaşdılar ki, bu da yerli inquşlarla osetinlər arasında yeni qarşıdurmaya səbəb oldu. Bundan başqa 23.000 gürcü Cənubi Osetiyaya məxsus ərazilərdən qovuldu.[7] Həmin ildən etibarən ATƏT-in nəzarəti altında sülhməramlı qüvvələr regionda xidmət etməyə başladılar. Həmin sülhməramlıların əksəriyyəti rus qoşunları idi. Gürcüstanda Mixail Saakaşvilinin hakimiyyətə gəlişindən sonra gürcü-osetin münaqişəsi yenidən hərbi qarşıdurmaya çevridi. 2004-cü ilin iyun ayından etibərən gürcü qoşunları ilə osetin döyüşçüləri və rus əsgərləri arasında bir neçə döyüş baş verdi. Gürcülərin məqsədi Cənubi Osetiyada mövcud olan qara bazarın fəaliyyətinə tamamilə son qoymaq və bu yolla osetinləri əsas gəlir mənbəyindən məhrum etmək idi. Həmçinin paytaxt Tbilisidə gürcülərin oyuncaq şəkildə qurduğu Cənubi Osetiya hökuməti fəaliyyətə başladı. Avqust ayına qədər davam edən və çoxlu sayda insanın ölümünə səbəb olan döyüşlərdə heç bir tərəf ciddi uğur əldə edə bilmədi. Avqustun 13-də tərəflər arasında atəşkəs imzalandı.[8]

Cənubi Osetiyanın Cava rayonu

Cənubi Osetiya Qafqaz regionunun cənubunda yerləşir. Ərazisi 3.900 km²-dir. Şimali Osetiyadan dağlar vasitəsilə ayrılır, cənuba tərəf sərhədləri Kür çayına qədər uzanır. Cənubi Osetiya böyük ölçüdə dağlıq ölkədir, ərazisinin demək olar ki, bütün hissələri dəniz səviyyəsindən 1.000 metr yüksəklikdə yerləşir. Ərazisində yerləşən ən yüksək nöqtə hündürlüyü 3938 metr olan Xalatsa dağıdır. Dağlıq ərazi olduğundan Cənubi Osetiyada əkinçilik işləri ilə məşğul olmaq çox çətindir, ərazisinin yalnız 10%-i əkinə yararlı sahələrdir.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Cənubi Osetiyanın iqtisadiyyatı əsasən kənd təsərrüfatından ibarətdir. Keçmiş dövrdə tikilmiş zavodların əksəriyyəti işləmir, işlək vəziyyətdə olan zavodlar isə öz güclərinin 5-10 faizi həcmində fəaliyyət göstərirlər. Bundan başqa, 2008-ci ildə baş vermiş müharibə nəticəsində Cənubi Osetiya iqtisadiyyatına 500 mln ABŞ dolları həcmində ziyan dəymişdir.

Münaqişənin başlanmasından əvvəl Cənubi Osetiya əhalisinin üçdə ikisi osetin, təxminən 25-30%-i isə gürcülər idi. Ölkə ərazisinin şərq hissəsində əsasən gürcülər, mərkəz və qərb regionlarda isə osetinlər sayca üstünlük təşkil edirdilər. Şimalda yerləşən dağlıq ərazilərdə əhali çox seyrək şəkildə məskunlaşmışdı. 2002-ci ildə Gürcüstanda keçirilmiş əhalinin siyahıya alınmasında Cənubi Osetiya iştirak etmədiyindən onun əhalisinin dəqiq sayını təyin etmək çətindir. Təxmini dəyərləndirmələrə görə 2007-ci ildə Cənubi Osetiyada 47.000 etnik osetin və 17.500 etnik gürcü yaşayırdı.[9] Lakin 2008-ci ildəki müharibədən sonra Cənubi Osetiyanı demək olar ki, bütün gürcü milliyətindən olan şəxslər tərk etdilər. təxminən 500 nəfər bu müharibədə həlak oldu. Beləliklə Cənubi Osetiyanın 2009-cu ildə əhalisinin sayı 54.500 nəfər kimi endi. Lakin Rusiya hökumətinin Cənubi Osetiyaya 600 milyon dollar investisiya yatırmaq layihəsi və buranın təhlükəsizliyini qorumaq üçün 3.700 nəfər əsgərdən ibarət daimi kontingent göndərməsi bəzi osetin qaçqınların geri qayıtmasına səbəb olmuşdur.[10] Rusiya mənbələri cənubi Osetiya əhalisinin 80.000 nəfərə kimi qalxdığını desələr də, bu rəqəmlərin şişirdilmiş olduğu düşünülür.

  1. 1 2 3 http://cominf.org/node/1166488810.
  2. https://www.webcitation.org/617XDsvBg?url=http://www.gazeta.ru/politics/2009/10/01_kz_3268634.shtml.
  3. 1 2 3 https://www.webcitation.org/617XDsvBg.
  4. "Venesuela Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlət kimi tanıyıb". 2009-09-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-09-10. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  5. "Beynəlxalq Böhran Qrupunun Cənubi Osetiya haqqında hesabatı" (PDF). 2007-06-30 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2010-12-21. (#redundant_parameters); (#redundant_parameters)
  6. "Gürcü-Cənubi Osetin Münaqişəsinin Xronikası". 2011-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-12-22. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  7. "Human Right Watch. Osetin-İnquş Konflikti". 2022-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-14. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  8. "Tbilisidə Dilxorçuluq". 2012-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-14. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  9. "Gürcüstanın Cənubi Osetiya toponimi qeydləri" (PDF). 2014-02-21 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2011-02-14. (#redundant_parameters); (#redundant_parameters)
  10. "Rusiya Cənubi Osetiyaya 200 milyon dollar təcili yardım ayırır". 2008-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-14. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)